Azərbaycanın inkişafda olan şərabçılıq təsərrüfatında Şərq Ulduzu məhdud məsuliyyətli cəmiyyət özünəməxsus yerə malikdir. 2002-ci ildə təməli qoyulan şirkətin pilləli şəkildə həyata keçirdiyi biznes plan Azərbaycan şərabçılığında nəhəng layihələrdən biridir. Bu layihə çərçivəsində şirkət müasir texnologiyanın tətbiqini və yüksək keyfiyyətli şərab və brendi məhsullarının istehsalını qarşısına məqsəd qoymuşdur.

 

Alman layihəsi əsasında qurulmuş zavodda montaj və quraşdırma işləri Almaniyanın GWEİN şirkəti tərəfindən aparılmışdır. Emal sexində quraşdırılmış Fransanın BUCHER VASLIN şirkətinin istehsalı olan daraqayıran və xırdalayıcının istehsal gücü saatda 40 tondur. BUCHER VASLIN-in istehsalı olan vakum membran presin üstün xüsusiyyəti ondan ibarətdir ki, üzümün toxumunu və qabığını mexaniki zədələmir və proses qapalı şəkildə olduğundan şirə və şərabın oksidləşməsinə şərait yaratmır. Bu da şərabın dadının dəyişmə ehtimalını sıfıra endirir.

 

Zavodda Almaniyanın CLEMENS və İtaliyanın DEFRANCESCHI şirkətlərinin istehsalı olan qıcqırma və saxlanma çənlərindən istifadə edilir. Şərab məhsullarının filterasiyası üçün İtaliyanın PADOVAN şirkətinin istehsalı olan kizelqur və lövhəli filterdən, Almaniyanın PALL şirkətinin istehsalı olan membran filterlərdən istifadə edilir.

 

Hazır şərabların butulkalara doldurulması İtaliyanın GAI şirkətinin istehsalı olan dolum və etiketləmə maşınları vasitəsi ilə həyata keçirilir. Şüşə butulkalar Rusiyadan və Moldaviya, etiketlər Moldaviyadan, tıxaclar isə Portuqaliyanın dünyaca məşhur təbii mantar istehsalçısı olan AMORIM şirkətindən təmin olunur.

 

Zavodda brendi spirtinin çəkilməsi üçün müasir sex də işə salınmışdır. Almaniyanın CARL şirkətinin istehsalı olan modernləşdirilmiş şaranda tipli spirt çəkmə aparatları, su hamamında suyun yüksək tempraturda qızdırılması nəticəsində brendi-şərab materialından ikiqat distillə yolu ilə, fasiləli üsulla brendi spirti çəkilir. Alınmış brendi spirti Fransa istehsalı olan palıd çəlləklərdə yetişdirilir.

 

Şərq Ulduzu MMC qədim Azərbaycan mədəniyyətlərindən biri olan şərabçılığın nüfuzunu bütün dünya ölkələrinə çatdırmaq üçün səylə çalışır. Müəssisədə yerli mütəxəssislərlə yanaşı hər il Fransa, Almaniya, İtaliya kimi ölkələrdən xarici mütəxəssislər də gələrək öz tövhələrini verirlər. Bunun nəticəsidir ki şirkət şərab məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, C. Koreya və Yaponiyaya ixrac edir. Şirkət yaxın gələcəkdə yeni üzüm bağları salaraq yerli texniki üzüm sortlarının sayını artırmaq niyətindədir. Bununla yanaşı şampan şərabı və grappa da istehsal planına daxildir.